11.01.2015

Mikayıl Müşfiq – Duygu yarpaqları… (rübai)



1
Mən bir yüksəlişin sevdasındayam,
Siniflər döyüşü dünyasındayam.
İnsanı, zəhməti qiymətləndirən
Yaxşı adamların sırasındayam.
2
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
3
Sinif qovğasına səfərbərəm mən,
Əsgərlər içində bir əsgərəm mən.
Bu dövrün şairi olmaqla, ey dost,
Bir düşün, nə qədər bəxtəvərəm mən!
4
Atamız dünyadan eh dedi getdi,
Tez sönən ömrünə meh dedi getdi.
Gül əkdi, vay dərdi cahan bağından,
Tökdüyü yaşlara şeh dedi getdi.
5
Bu Sovet elləri indi bizimdir,
Gülşənin gülləri indi bizimdir.
Dostum, aç sinəni, nəfəs al daha,
Əsən dan yelləri indi bizimdir.

Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsi

Səməd Vurğun
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Səməd Vurğun
Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir
Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal.
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun
O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.